Bu qız 6 ildir polislərin gözü önündə yeraltı keçiddə yatır – Qanunlar kor olanda

28 May Metro stansiyasının qarşısındakı yeraltı keşiddə ticarət mərkəzləri fəaliyyət göstərir. Hər səhər tezdən həmin keçiddən keçərkən bir neçə dəfə tualetin qarşısıda yerdə karton parçalarının üstündə nazik bir odeyala bürünüb yatmış bir çəlimsiz bir qız görürdüm. Əvvəllər onun burda işlədiyini, yəqin yorulduğunu düşünsəm də 2 gün öncə yaxınlaşmağa qərar verdim.

Rənanın 33 yaşı var.İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olub. 6 il öncə ailəsindən küsüb evdən çıxıb və bu keçiddə ələbaxım vəziyyətdə yaşamağı tərcih edib. Bir az dindirdikdən sonra əsəblərinin yerində olmadığını hiss etməmək çətin deyil. Onun barəsində yaxınlıqdakı insanlardan mlumat almaq istədim. Dedilər ki, kimsəylə işi olmur. Amma xəstəliyi işləməsinə də imkan vermir. Heç kimlə yola gedə bilmir. Tez əsəbləşir, dava edir. Bir dəfə reytinqi bol olan televiziya proqramlarından birindən gəlib çəkiblr, tamaşaçıları ağladıb gediblər. Vəssalam. Sonra qadın sığınacağına yerləşdirmək istəyiblər getməyib. Ondan sonra da maraqlanan olmayıb.Çəkilişə razı olmadığı üçün şəklini çəkmədim. Eləcə söhbət edirik. Nitqi səlis olsa da fikirləri dağınıqdır. Hər şeydən danışır: “Anam 6 uşağı doğub töküb amma baxmaq istəmədi. Dedim mənə çörək vermirsən, pul vermisrsənsə niyə dünyaya gətirirdin? Başıma qaxma. Çıxdım gəldim bura. Gecələri burda yatıram. Qorxmuram. Keçidə nəzarət edən polislər var. Heç kim mənə heç nə edə bilməz. İstəyirəm məni hansısa sığınacağa yerləşdirsinlər. Amma bir iki ay saxlayıb bayıra atmasınlar. İşləmək istəyirəm. Pulum olsa özümə 2 min manata telefon alaram, bir az pul yığıb yataqxanadan özümə otaq alaram.Mə xəstə deyiləm ha məni dəlixanaya qoyalar. Yanıma gələnlər dedilər sənə həkim baxsın. Nə olub k mənə. Xəstəyəm mən?”.

Bax belə. İki gündür Rənanın hara yerləşdirilə biləcəyi barədə mütəxəssislərlə danışıram. Bu qız bir gün küçədə hansısa cinayətə qurban getsə xəbərlər yazılacaq, kimlərsə günahlandırılacaq, kimlərisə işdən atacaqlar və sonra hər şey unudulacaq. Amma sağlığında sahib duran yoxdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov sorğumuza cavab olaraq Bizimyol.info-ya bildirdi ki, belə şəxslərin nazirliyin sığınacağna yerləşdirilmsi üçün polisə məlumat verilməlidir. Polis yerli İcra hakimiyyəti orqanına bu barədə məlumat verməli və müvafiq ərizə əsasında həmin şəxs sığınacağa yerləşdirilməlidir. 6 ildir bu qız bu keçiddə dövlətin polisinin gözü önündə daş üstə yatır- yay qış demədən.

Yardım almaq üçün Hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlna üz tuturam. O isə bildirdi ki, küçədə yaşayan insanların böyük əksəriyyətinin əsəbləri və psixi sağlamlıqları yerində olmur. Sağlam insan niyə küçədə yatmağa razılşmalıdır ki. Ona görə belə insanlar qəyyumunun icazəsi ilə psixi xəstəxanaya yerləşdirilib müalicə almalıdırlar.Onların qadın sığınacağına yerləşdirsən də sabahı günü kiməsə hansısa bir ziyanı vurmayacağına zəmanəti kim verə bilər?. Qadın sığınacaqlarına adətən ərləri tərəfində döyülən qadınlar öz uşaqları ilə gəlirlər. Ona görə də bu iş qadın sığınacaqlarının səviyyəsini aşar”.

Əslində düz deyir. Hər bir halda anadan olduğu ev, anasının yanı küçədəki , yatdıığı tualet qapısının önündən pis olmamalıydı Rənaya. Bu gün Bakının küçələrində yüzlərlə belə insana rast gəlmək olar. Əgər başımızı öz qayğılarımızdan ayırıb ətrafa diqqət etsək ətrafımızda çarəsiz vəziyyətdə olan onlarla insan görərik. Rəna onlarda biridir. Kimsəyə zərəri yoxdur. Lakin psixi sağlamlığı yerində olmayıb cəmiyyət içində partlamağa hazır bomba kimi gəzənlər də var. Elə dünən Sabunç rayonunda bir psixi xəstənin öncə boş yerə qonşusunu bıçaqladığını, daha sonra özünü elektrik cərəyanına verərək öldürdüyünü eşitdik. Belə insanlara hansı qurumlar və kimlər nəzarət etməlidirlər. Axı dəfələrlə olub ki, xəstəxanadan müalicə alıb buraxılan və ya ailənin qıymayıb xəstəxanaya yerləşdirməyə çəkindiyi psixi xəstələr heç bir səbəb olmadan qan töküb, doğmalarına ətrafdakılarına ölüm saçıblar. Onların məcburiəzarəti və müalicəsi hansı şəkildə aparılmalıdır? Bu sualımıza Klinik psixiatr Təhmasib Cavadzadə cavab verir:

Təhmasib Cavadzadə

“Psixiatrik xəstəxanaya belə xəstələrin məcburi yatrılması məhkəmə qərarı əsasında olmalıdır. Ya da polisə məlumat verilməli, daha sonra hüquqi yolla bu məsələ həllini tapmalıdır. Xəstə psixiatrik xəstəxanada 21 gün müalicə aldıqdan sonra evə buraxılır. Ev getdikdən sonra ailə onun dərmanlarını müntəzəm olaraq içməsinə nəzarət etməlidir. Əks halda yenidən xəstəlik şiddətlənəcək. Qeyd edim ki, psixiatrik xəstəliklər əsasən yaz və payız aylarında öz coşma dönəmlərinə girirlər. Xəstə dərmanı geri qaytarmasın deyə bunu ona toz şəklində mütləq içirmək lazımdır. Amma kimsəni xəstəxanada ömürlük saxlamaq olmaz. Maştağada yerləşən mənim işlədiyim 2 saylı psixiatrik xəstəxanada o qədər ruhi xəstələr var ki, onların qohumları illərdir atıb gediblər, arxalarınca gəlmirlər. Çox vaxt elə öləndə xəbər tutub gəlib kağız alırlar ki, dəfn pulu alsınlar. Amma ölülərini aparmırlar. Heç harda dəfn olunduğunu da bilmirlər”.

Rənanın taleyini izləməyə davam edib, bacardıqca əlimdən gələn köməyi edəcəm. Hər bir halda belə insanlar xüsusi nəzarətə və qayğıya ehtiyacı olan təbəqədirlər. Bəlkə də onların yerləşdirilməsi və normal insanlar kimi yaşamaları, sığınmaları üçün xüsusi qayğı evləri olmalıdır. Heç kim bu kimi ağır br taleyi özü seçmək istəməzdi. Bu onarın sınağı deyil. Bu kimi halları görüb gözünü yuman bizlərin sınağıdır.

İlk şərhi sən yaz

Cavab yaz

Emaininiz dərc olunmayacaq


*


This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.